Otuz il həsrətiylə yanıb yaxıldığımız, son beş ili vüsalıyla qürurlandığımız Qarabağımızın düşmən əsarətindən azad olmasının üzərindən beş il keçir. Nə tez keçdi bu beş il. Halbuki torpaqlarımızın əsarətində qaldığı otuz il bizə əsrlər qədər uzun gəlmişdi. Mən 2020-ci ildə 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanda olmasam da, vətəni qəlbimdə daşıdığım üçün o həyəcanlı günləri içimdə yaşadım. Savaş başlayandan bir neçə gün sonra yazdığım “Azərbaycan, gözün aydın” şeirim “525-ci qəzet”in 2020-ci il 22 oktyabr tarixli sayında cap olundu. Ürəyimə dammışdı bu savaşın qalibi olacağımız. Çünki bu savaşdan bir necə il öncə Mübariz İbrahimovun göstərdiyi rəşadət bizim özümüzə olan inamı artırmışdı. Bu 44 günlük payız aylarında əsgərlərimiz bizə baharı yaşatdılar. Mübariz kimi saysız qəhrəmanlarımız ölmədilər. Əksinə, ölməzlik yolunu seçərək şəhid oldular. Şəhidliyi özünə şərəf sayan Türk əsgəri erməni daşnaklarını əzib keçdi. Boz qurdların qarşısında çaqqalların şansının olmadığını dünyaya bir daha göstərmiş oldu.
Şəhidlərimizin və qazilərimizin tökülən qanı sadəcə Qarabağ torpağını canlandırmadı, həm də üzümüzdəki qaranı silib təmizlədi.
Bu gün bu qəhrəmanlar haqqında nə qədər əsər yazsaq da yenə azdır. Çünkü bu igidlər canlarından keçərək düşmən tapdağında olan torpağımızı azad edib ona can verdilər.
Qarabağ savaşı bizə Türk dövlətlərinin birliyinin nə qədər önəmli olduğunu və gücün birlikdən doğduğunu göstərdi. Bu savaş Türkə zəfərin yaraşdığını dünyaya bəyan etdi. Onun üçün kitaba “Türkə zəfər yaraşır” adını vermək qərarına gəldik. Qarabağ torpaqlarının düşmən əsarətindən azad edilməsi önümüzdə bütöv Azərbaycana və Turana gedən yolu açmış oldu.